|
Mərasim
rəqsləri
(sənədli filmin ssenarisi)
İnsanlar
danışmaqdan qabaq rəqs etməyi bacarırdılar. Əvvəlcə
rəqs, sonra söz, rəsm sənəti yaranıb. Axı həyatın əsasında
hərəkət durur. Od yanır..., su axır...Yanar dağın alovları,
Yardımlı şəlaləsinin suları. Göydə qanad çalan quş da
ovunu süzə süzə manşırlayır. Məhəbbət çağı gələndə
də min bir rəng alıb, istəklisinin qabağında əsl mərasim
rəqsi ifa edir. Bununla sanki səyyarələri, aləmləri belə
nizamda saxlayan əzəli ritmə qoşulmuş olurlar. Şamaxı
rəsədxanasının obyektivində ulduz bürclərinin fırlanması.
Dünyanı məhvərində saxlayan ritmə qoşulmaqla insanlar
bütün işlərini tənzimləməyə, xeyir-dua qazanmağa çalışmışlar.
Tilsim, ovsun mərasimlərini rəqslə qutlamış, ov, döyüş uğurlarını
rəqslə ulu bildiklərindən diləmişlər. And-aman etmək
istəyən hər bir şəxs fövqəl qüvvələr qarşısında
rəqslə müntəzir olmuşdur. Hər bir ovçu, əkinçi, kahin
həm də öz peşəsinin mərasim rəqslərini ifa edə bilmişdir.
Təbiət hadisələrinə-yağış, ildırım, külək və s. canlı
varlıqlar kimi baxan, ağaclara, heyvanlara, göy
cisimlərinə
müqəddəs məxluqlar kimi sitayiş edən qədim əcdadlarımız
onlara musiqi parçaları, oyun səhnələri həsr etmiş, ayin
rəqslərində öz münasibətlərini, duyğularını ifadə etmişlər.
Mərasim rəqsləri adlanan bu sənət nümunələri dövrümüzə
qədər gəlib çatmışdır.
E.ə.
III minillikdən Azərbaycanda təşəkkül
tapmış atəşpərəstlik inancı ilə
əlaqədar ifa edilən kahin rəqsləri müasir dövrdə peşəkar
rəqs ansambllarının proqramında belə özünə yer tapmışdır.
İnsanın əməli, sözü və fikirləri təmiz olmalıdır məramı
ilə yaşayan atəşpərəst kahinlər sitayiş etdikləri odun
təmizliyini nəfəslərindən belə qorumaq üçün ağız-burunlarına
ağ cunadan rübənd çəkər,
saç-birçəklərini başlıqları altında gizlədərdilər.
Onlar oda, atəşə həsr etdikləri mərasim rəqslərində də
geyimlərinin bu üslubuna sadiq qalardılar.
Dübəndi
qayalığından Pirallahı zolağının görünüşü. Ağ kələğayılara
bürünmüş yalın ayaqları və əlləri xına ilə rənglənmiş
rəqqasələrin rəqsi gah Yanardağda, gah da Suraxanı atəşgahı
fonunda davam edir. Rəqsin kompozisiya quruluşu Qız qalasının
təpəsindəki meydançanın traektoriyasını təkrar edir. Yenə
Dübəndi qayasından Pirallahı görünür. Dünyanın ən qədim
atəşpərəstlik məbədinin yerləşdiyi Pirallahı
qəsəbəsində vaxtilə od dəniz suyunun üzərində yanırdı.
Xəzərin suyu artıb azaldıqca bu atəşgahın suya nisbət mövqeyi
də dəyişirdi. Suraxanı, Şubanı, Nardaran və digər atəşgahlarda
olduğu kimi Pirallahı məbədinin də oduna qulluq edən kahin
muğları var idi. Onlar odla bağlı bütün mərasimlərə, o cümlədən
rəqs mərasimlərinin qaydası ilə keçirilməsinə nəzarət
edirdilər.
Hər
biri üç dayaq üzərində qaldırılmış 9 sacda neftlə qarışdırılmış
kül yanır. Axı 9 rəqəmi müqaddəs sayılırdı. Çünki cəmi 9 rəqəm var və bütün qalanları sıfır əlavə
edilməklə onlardan t.rənir. Ortalıqda alma, heyva, nar, qənd
teli və digər təamlarla bəzədilmiş şax torpağa sancılıb.
Şaxın kəlləsinə diri qırqovul beçəsi, yaxud al-əlvanları
xoruz bağlanıb. Qızlar rəqs etdikcə xoruz hərdən qanadlarını
silkələyib banlayır. Ətrafda dövrə vurub yerdən oturmuş
tamaşaçıların üzündə gülüş, sevinc gəzir. Xoruz atəş
ilahisinin yer üzündə zühuru kimi qəbul edildiyindən onun
banlaması mərasimi bəyənməsi kimi düşünülür. Sacdakı
alovların qırmızı işığında rəqs edənlərin üzü sirli
ifadə alır.
Bütün
dövrlərdə ayin rəqsləri insanların ilahi qüvvəyə,
transsendental aləmə qovuşması üçün yol, fənd olmuşdur.
Orta əsrlərdə sufi təriqətlərinin zikr üsulu olan mərasim
rəqsləri də dövrümüzə qədər gəlib çatmışdır.
Səfəviyyə təkyəsinin Qadiriyyə qolunun Bakıda fəaliyyətdə
olan davamçıları bu hal rəqslərini indi də ifa edirlər.
Hətta qədimlərdə belə dərvişlərin hal rəqslərini qadınlar
arasında ifa edənlər də olub. IX əsrdə sufi
məktəblərindən birinin əsasını qoyan da ərəb rəqqasəsi
Rəbiyyə əl-Ədəviyyə olmuşdur. XI əsrin sonu XII əsrin
əvvəllərində bütün Şərqdə dahi şairə kimi tanınmış
Məhsəti Gənjəvi də sufi rəqslərinin ifaçısı kimi məşhur
idi. Müasir dövrdə onu saray rəqqasəsi kimi qələmə
verənlərə gəldikdə isə nadan adamların nağılından başqa
ad vermək olmaz.
Məhsəti
Gənjəvinin rübailərində də sufi dünyagörüşü aydın
sezilir.
Könülsüz
xərabət içrə sən gəlmə,
Dərvişlik
rəmzini bilməsən, gəlmə!
Başından
keçənin yoludur bu yol,
Bu
yolda can qurban verməsən, gəlmə!
Bu
yolda can qurban verməsən, gəlmə!
Qeyd
etmək lazımdır ki, azərbayjan ədəbiyyatında rəqs sözünə
ilk dəfə XII əsrin dahi şairi Nizami Gəncəvinin
əsərlərində rast gəlinir.
Orta
əsr azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir
edən səhifələr diqqətlə araşdırılır. Sufi rəqslərini
oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla
başlayıb, bir növ göy cisimlərinin hərəkətini təqlid
edirlər. Hal-hazırda Kəbə daşının ətrafında sonsuz olaraq
zəvvarların dolanmasının-təvafa mərasiminin əsasında da
həmin ayin rəqslərinin fəlsəfi əsası durur.
Azərbaycan
rəqslərini başqa xalqların rəqslərindən fərqləndirən mühüm
cəhətlərdən biri istər kişi, istərsə də qadın olsun məğrur
hərəkətlər, qırğı kimi qururlu qamət və çoxlu solo
partiyalarının olmasıdır. Həddən ziyadə əzilib-büzülmə,
tamaşaçıya xoş gəlmək, cəhdi yad təsirlərin məhsuludur.
Tarixin kəşmekşli dövrlərində əsir aparılmış, saraylara, hərəmxanalara düşmüş qadın və kişilərin
rəqsi şahları, xanları əyləndirmək məqsədi güddüyündən
rəqslərdə belə bayağı elementlər peyda olmuşdur. Qacar
məktəbinə xas olan boyakarlıq əsərlərində rəqqasələrin
təsviri. Rəqs edənlər xüsusi ilə də saray rəqqasları
həmişə daşqaşlarla bəzədilmiş zəngin geyimdə olardılar.
Keçən
əsrin əvvəllərində peşəkar rəqs ansamblları yaradılarkən
rəqs quruluşçularının çoxusu digər millətlərin nümayəndələri
olduğundan hardan gəldi rəqs elementləri götürüb el
rəqslərini zibilləmişlər.
Rus
rəssamı Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin
portretlərini dəfən-dəfən işləmişdi. Xüsusilə Nisə adlı
rəqqasənin portreti onun bir çox əsərlərində təkrar olunur.
«Şamaxı gözəlinin rəqsi»ndə rəssam Nisənin rəqsini xüsusi
ilhamla vəsf etmişdir.
Əlbəttə adi el rəqsləri zadəgan
məclislərində oynanılan
rəqslərdən fərqlənirdi. Rəssam Ə. Əzimzadənin «Varlı
evində toy» və «Kasıb evində toy» əsərlərini müqayisə
etsək, bunu aydın görərik. Lakin kasıb toylarının
səmimiyyətinin, sevincinin yerini yəqin heç nə əvəz edə
bilməz.
Bir
sözlə azərbaycan rəqslərinin ümdə cəhəti odur ki, rəqs
edən sanki özü üçün oynayır, tamaşaçılara bəyəndirmək
üçün yox. Onun özündən xoşu gəlir. Etdiyi hərəkətlərin
hamısını özü bəyənir.
Hər
bir azərbaycanlının həyatında ən vacib gün toy günü hesab
edilir. Hətta yoxsul oğlan da gün bəy adlanır və ona bəyə
layiq hörmət, izzət göstərilir. Və toy mərasimi azərbaycanlılarda çoxlu mərasim rəqsləri ilə müşaiyət
olunur. «Gəlin atlandı», «Tərəkəmə», «Uzundərə», «Vağzalı»
və s. xüsusi ilə «Gəlin atlandı» el toylarında xüsusi vəchlə ifa olunur. Axı qədimlərdə gəlini bəy evinə şəhərdə
faytonla, kənddə isə atla kəcavədə aparardılar. Odur ki,
gəlini ata evindən apararkən «Gəlin atlandı» havası çalardılar.
Lakin toya qədər hələ qızı yola gətirmək lazım idi. Odur
ki, el şənliklərində oğlan istədiyi qızla yarışa
girərdi. At çapmaq da bu yarış mərasimlərindən biri idi.
Şamaxı rəsədxanasından Baba dağa tərəf-buz bulaq yolunda
duman dərəni tutur. Bu fonda yolda iki atlı ötüşür. Atlı oğlan
örpəyi buludları xatırladan qızı hey atdan salmağa çalışır.
Lakin bacarmır, qız onu ötür. Belə olduqda oğlan qıza çatıb,
onun atına sıçrayır. Yüyəni əlindən alıb, qızla
bərabər atı qaçırır. Daha toyun tədarükü görülə
bilərdi.
Onu
da deyək ki, qadın rəqslərində ayaqların hərəkəti o
qədər də müxtəlif deyil. Onların məişətində olduğu kimi
rəqslərində də əlləri çox hərəkət edir və dəyirmivari
traektoriyalar cızır. Daim hərəkətin sonu onun başlanğıcına
qayıtmaqla müşaiyət olunur. Dünyanın nəbzi kimi hər şey
mənbədən mənsəbə, mənsəbdən mənbəyə dönümlərlə
dəyanət tapır. Toy mərasimini xına yaxma, baş bəzəmə, bel
bağlama, qapı kəsdi və s. ənənələri ilə də zənginləşdirmək
olar.
Fikri-zikri
allahı, ailəsi, el-obası dairəsində dolaharaq yaşayan
azərbaycanlıların yüzlərlə rəqs növü var. Lakin elə
rəqs növü də var ki, onun özünün 100-ə qədər çeşidləri
var. Bu olduqca qədim tarixə malik «Yallı» rəqsidir. Onun
təsviri 10-15 minillik tarixi olan qədim insan məskəni
Qobustan qayalarında öz əksini tapmışdır.
Onları
Tulum zurnanın səsi müşaiyət edir. Tulum zurna çəpiş
dərisindən hazırlanır. İçərisinə hava doldurulur.
Zurnaçı
həmin tulumu qoltuğu altında saxlayıb çaldıqca sıxıb-açır
və musiqini tənzimləyir. Rəqsin zəngin olması üçün «Yallı»nın,
«Tello», «Qənimo», «Gopu», «Dönə», «Ürfani», «Qaz-Qazı»
və s. növlərindən istifadə olunur.
Azərbaycanda
rəqs sənəti muğam musiqisi qədər zəngin və təkrarolunmazdır.
Onun mərasim rəqsləri də müxtəlif çeşidlidir. Məsələn,
«Köskösa» və «Səməni» rəqslər.
Sara
Nəzirova
|