|
Novruz bayramı.
Novruz bayramında hamı barışır. Çünki göydə ulduzlar da bir birinə ahəngdar olub, gecə-gündüz də bərabərləşir. Bu ''yeni günü'' hamı sülh və sevinc şəraitində qarşılamalıdır.
Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və mərasimlərlə bəzəmişdir.
Xalqımızın, belə böyük bayramlarından biri də Novruz bayramıdır. O, hər il mart ayının 20-21-22-də (köhnə təqvimlə 7-8-9-da) keçirilir.
Novruz haqqında məlumat verən mötəbər mənbələr içərisində ''Avesta'' mühüm yer tutur.
''Avesta''da Novruz xalqın bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur. Hətta onun əkinçilik bayramı olması da qeyd edilir. ''Avesta''da deyilir ki, ''Novruz''
məhsul bolluğu bayramıdır. O, sağlamlığın, firavanlığın başlanğıcıdır.
Göründüyü kimi, əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruz özünün sonrakı inkişafında həm müxtəlif dinlər tərəfindən mənimsənilməyə məruz qalmış, həm də astronomik təsəvvürləri əks etdirən təqvim bayramı adı ilə yaşamışdır.
Novruz bayramına xalq həmişə böyük hazırlıq görmüş, onu təntənə ilə keçirmişdir.
Bayrama qıxr gün qalmışdan Novruza hazırlıq görülərdi. Hazırlıq Şum, Saya və torpağa istilik gətirəcək ''Xıdır Nəbi'' mərasimlərinin keçirilməsi ilə başlanardı. Çünki ibtidai insanın yaşayışı əkinçilik və maldarlıqla sıx bağlı idi.
Ona görə də Novruz etiqadının özündə qüdrətli bir bolluq, firavanlıq istəyi dayanırdı. Bu etiqadlarda torpağa məhəbbət, əməyə güclü çağırış vardı. Eyni zamanda həmin etiqadlarda belə bir inam əks olunmuşdur ki, insan bolluq və firavanlığını yalnız öz alın təri ilə, öz zəhməti ilə yarada bilər.
Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır.
N.Gəncəvinin ''İsgəndərnamə''sində, Ə.Nəvainin ''Səddi-İsgəndər''ində bizim e. 350 il əvvəl Novruzun böyük xalq bayramı kimi keçirildiyi qeyd edilir. Təsadüfi deyil ki, Nizamidə İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.
Bayramın bütün etnoqrafik cizgiləri Novruz nəğmələrində öz əksini tapmışdır. ''Səməni'', ''A Yel baba, Yel baba'', ''İldə göyərdərəm səni'', ''Qodu-qodu'', ''Yağış gəlir'' və s. kimi nümunələr bayramı şux keçirmək istəyən xalqın arzusunu ifadə edirsə, ''Həcələr, hücələr'' nəğməsində bayram detallarının bütöv lövhələri əks olunur:
Həcələr, hücələr,
Uzanar gündüzlər.
Qısalar gecələr,
Sallanar torbalar.
Bacadan,
Uşaqlar pay istər
Ucadan:
Xanımbacı, dursana,
Torbanı doldursana...
Yazla qışın bir-birinə zidd xarakteri ''Kosa-kosa'' tamaşasında daha səciyyəvi şəkildə əks olunur. Erkən təsəvvürlərlə bağlı yaranmış bu tamaşada mifoloji elementlər fəaldır.
Novruz bayramında xalq arasında bir-birindən rəngarəng oyun və tamaşalar göstərilir. Bunlar içərisində at çapma, qılınc oynatma, kəməndatma, zorxana, əyləncə, kəndirbaz, sim pəhləvanı, masqara və fərdi tamaşalar xüsusi yer tutur. Həmin tamaşalarda oxunan nəğmələr özünəməxsus oynaq vəznə malikdir.
Novruz başdan-başa ruh yüksəkliyi ilə, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiət özünü göstərir.
Bu gün bizimlə birlikdə Novruzu Arazın o tayında qalan Cənubi Azərbaycan, Orta Asiya, Türkiyə, İran, Əfqanıstan, Pakistan, Çin və başqa ölkələrdə yaşayan milyonlarla zəhmətkeş ən əziz bayram kimi qeyd edir. Novruz Kanadada, Amerikada, Fransada və başqa ölkələrdə vətən həsrəti ilə yaşayanlar arasında da unudulmur. Novruzun sorağı dünyanı dolaşır, Novruz dünyanı bəzəyir.
Azad Nəbiyev
''Novruz bayramı''(Bakı ,''Yazıçı'', 1991)

|
|